Fənn · Mədən mühəndisliyi

Mədən mühəndisliyinə girişSillabus

İF-36108y4 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-36108y
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə
Auditoriyadan kənar saatlar
a) 54 saat – sərbəst iş b) 36 saat - hazırlıq

Fənn haqqında

Fənn tələbələrə dağ-mədən sənayesinin inkişaf tarixi, fundamental əsasları və müasir istehsalat texnologiyaları haqqında ilkin baza anlayışlarını verir. Faydalı qazıntıların axtarışı, çıxarılması və ilkin emalı zəncirinin ümumi mərhələləri, bu proseslərdə tətbiq edilən konseptual mühəndislik həlləri nəzərdən keçirilir. İxtisasın əsas mahiyyəti, mədən mühəndisinin karyera imkanları, vəzifələri və sənayedəki rolu detallı şəkildə izah edilir. Həmçinin, sənaye obyektlərinin təhlükəsiz istismarı, əməyin mühafizəsi və qlobal xammal iqtisadiyyatında sektorun strateji əhəmiyyəti xüsusi olaraq vurğulanır.

Tədris metodları

  • mühazirə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Fənnin sonunda tələbə mədən sənayesinin tarixi, bugünkü vəziyyəti və bəşəriyyətin iqtisadi inkişafındakı rolu haqqında geniş təsəvvürə malik olur. Tələbə mədənçıxarma texnologiyalarının əsas növləri (açıq və yeraltı) və bu sahədə çalışan mühəndislərin əsas vəzifələri ilə tanış olur. Kurs, mədən istehsalat tsiklinin komponentlərini – qazma, partlatma, yükləmə, nəqletmə və zənginləşdirməni ümumi şəkildə əhatə edir. Tələbə mədən mühəndisliyində peşəkar etikası, ətraf mühitin qorunması prinsipləri və təhlükəsizlik mədəniyyəti haqqında təməl biliklər alır. Beləliklə, tələbə gələcək peşə fəaliyyəti üçün zəruri olan motivasiya və ilkin texniki baza ilə təchiz olunur.

Mövzu planı

  1. 1.
    Mədən sənayesinin əsas məsələləri və əhəmiyyətiMühazirə

    Mədən sənayesinin qlobal və yerli səviyyədə rolu. Faydalı qazıntıların çıxarılmasının iqtisadi və sənaye əhəmiyyəti, bəşəriyyətin inkişafında xammal ehtiyacının ödənilməsi və sahənin qarşısında duran strateji vəzifələr.

  2. 2.
    Mədən işlərinin inkişaf tarixi və digər elmlərlə əlaqəsiMühazirə

    Mədənçiliyin ibtidai dövrdən müasir texnologiyalara qədər təkamülü. Dağ-mədən elminin geologiya, fizika, kimya, mexanika və ətraf mühit mühəndisliyi kimi elmlərlə qarşılıqlı inteqrasiyası.

  3. 3.
    Mədən işlərinin əsas termin və anlayışlarıMühazirə

    Dağ-mədən işində istifadə olunan peşəkar terminologiya. Şaxta, karyer, mədən, dağ kütləsi, lağım, horizont, partlatma və digər fundamental baza anlayışlarının izahı.

  4. 4.
    Dağ-mədən istehsalatı və onun inkişaf mərhələləriMühazirə

    İstehsalat tsiklinin quruluşu. Kəşfiyyatdan başlayaraq yatağın açılması, işə hazırlanması və əsas istismarı (hasilatı) daxil olmaqla bütün istehsal mərhələlərinin ardıcıllığı.

  5. 5.
    Dağ-mədən işləri və onların növləriMühazirə

    Açıq (karyer), yeraltı (şaxta) və kombinəedilmiş üsullarla aparılan dağ-mədən işlərinin xüsusiyyətləri. Suyun altından və geokimyəvi (məhlullaşdırma) üsullarla xüsusi hasilat texnologiyaları.

  6. 6.
    Azərbaycan ərazisində mədən işlərinin tarixiMühazirə

    Azərbaycan ərazisində qədim və orta əsrlərdə (Daşkəsən, Gədəbəy, Qarabağ zonaları) mədənçiliyin formalaşması. Qədim mis, qızıl və dəmir istehsalı ocaqları, tarixi hasilat izləri.

  7. 7.
    Faydalı qazıntılarMühazirə

    Bərk, maye və qaz halında olan faydalı qazıntıların təsnifatı. Onların sənaye tətbiqinə görə (yanacaq, metal filizləri, qeyri-metal sənaye xammalları) qruplaşdırılması və fiziki-mexaniki xassələri.

  8. 8.
    Faydalı qazıntı yataqlarının işlənmə üsulları və ayrı-ayrı texnoloji proseslərMühazirə

    Yataqların istismarı zamanı ardıcıl həyata keçirilən qazma, partlatma, yükləmə və daşıma (nəqletmə) kimi həlledici texnoloji proseslərin elmi əsasları.

  9. 9.
    Filizlərin zənginləşdirilməyə hazırlıq əməliyyatlarıMühazirə

    Mədəndən çıxarılmış dağ kütləsinin fabrikə qəbulu, mərhələli şəkildə xırdalanması, üyüdülməsi və təsniflənməsi. Zənginləşdirmənin effektivliyini təmin edən fiziki-mexaniki hazırlıq işləri.

  10. 10.
    Filizlərin zənginləşdirilmə üsullarıMühazirə

    Qravitasiya, flotasiya, maqnit və elektrik separasiyası kimi əsas zənginləşdirmə metodları. Faydalı (qiymətli) komponentin boş süxurdan ayrılması mexanizmləri.

  11. 11.
    Dağ-mədən sənayesinin ölkə iqtisadiyyatındakı yeri və roluMühazirə

    Hasilat sənayesinin ölkənin ÜDM-dəki (Ümumi Daxili Məhsul) payı. Qeyri-neft sektorunun inkişafında, ixrac potensialının artırılmasında və regionlarda məşğulluğun təmin olunmasında mədən kompleksinin rolu.

  12. 12.
    Dağ-mədən sənayesində istifadə edilən maşın və avadanlıqlarMühazirə

    Qazma qurğuları, mədən ekskavatorları, yükləyicilər, konveyer sistemləri və ağır tonnajlı özüboşaldanlar (damper). Yeraltı və açıq işlər üçün nəzərdə tutulmuş spesifik mexanizmlərin konstruksiyası.

  13. 13.
    Dağ-mədən işlərinin təşkili və planlaşdırılmasıMühazirə

    Mədən müəssisəsində növbəli iş rejiminin, kadr və avadanlıq resurslarının idarə edilməsi. Hasilatın qısamüddətli (operativ) və uzunmüddətli (strateji) planlaşdırılması əsasları.

  14. 14.
    Dağ-mədən işlərində ətraf mühitin mühafizəsiMühazirə

    Hasilatın ekologiyaya mənfi təsirləri (tozlanma, yeraltı və yerüstü suların çirklənməsi, landşaftın pozulması). Rekultivasiya tədbirləri, ekoloji monitorinq və "yaşıl mədənçilik" prinsiplərinin tətbiqi.

Ədəbiyyat

  1. Ş.N.Məmmədov, A.M.Əzizov., Dağ-mədən işi texnologiyasının əsasları., Bakı, 2002.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5