Bakalavr proqramı

Hərbi rabitə vasitələri mühəndisliyi

BakalavrXTB 050102Xüsusi Texnika və TexnologiyaMüdafiə Sistemləri və Texnoloji İnteqrasiya23 fənn

Proqram haqqında

Hərbi rabitə vasitələri mühəndisliyi rabitə texnologiyalarını hərbi tətbiqlərlə birləşdirən mühəndislik ixtisasıdır. Bu sahənin əsas məqsədi müxtəlif şəraitdə etibarlı, dayanıqlı və fasiləsiz informasiya mübadiləsini təmin edən texniki sistemlərin yaradılması, təkmilləşdirilməsi və istismarını həyata keçirə bilən mütəxəssislərin hazırlanmasıdır. İxtisas radioelektronika, telekommunikasiya və informasiya texnologiyalarının kəsişməsində formalaşdığı üçün məzunlar həm rabitə avadanlıqlarının, həm də onları vahid sistem kimi birləşdirən texnoloji həllərin iş prinsiplərini mənimsəyirlər. Bu sahənin mühəndisləri yalnız rabitə vasitələrinin texniki xüsusiyyətlərini deyil, onların müxtəlif əməliyyat şəraitində etibarlılığını, qarşılıqlı uyğunluğunu və səmərəli fəaliyyətini müəyyən edən amilləri də qiymətləndirməyi bacarmalıdırlar. Buna görə də ixtisas fundamental mühəndislik hazırlığını tətbiqi biliklərlə əlaqələndirərək mürəkkəb radioelektron sistemlərin təhlili və inkişafı üçün zəruri baza formalaşdırır. Rəqəmsal rabitə texnologiyalarının, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və radioelektron vasitələrin sürətli inkişafı bu ixtisasın aktuallığını daha da artırır. Bu istiqamətdə əldə olunan bilik və bacarıqlar müasir texnoloji yeniliklərin mənimsənilməsi, elmi fəaliyyət və peşəkar inkişaf üçün etibarlı əsas hesab olunur.

Dərəcə tələbləri

"Hərbi rabitə vasitələri mühəndisliyi" bakalavriat proqramı 4 il (8 semestr) müddətində tədris olunur və məzun olmaq üçün tələbələrin 240 AKTS krediti toplamaları tələb edilir. Tədris proqramı Avropa Kredit Transfer və Toplanma Sisteminə (AKTS) uyğun hazırlanmışdır və nəzəri biliklərlə praktik mühəndislik bacarıqlarının inteqrasiyasına əsaslanır. Proqramın məzmunu 30 AKTS ümumi təhsil fənləri, 30 AKTS fundamental (baza) mühəndislik fənləri, 120 AKTS ixtisasın peşə hazırlığı fənləri və 60 AKTS peşə hazırlığı üzrə seçmə fənlərdən ibarətdir. Bu struktur tələbələrə həm möhkəm fundamental mühəndislik hazırlığı, həm də hərbi rabitə sistemləri üzrə dərin ixtisas bilikləri qazandırır. Tədris proqramına ali riyaziyyat, fizika, elektrik dövrələrinin əsasları, siqnallar və sistemlər, analoq və rəqəmsal rabitə, radioötürücü və radioqəbuledici qurğular, antena-fider sistemləri, hərbi radiorabitə vasitələrinin diaqnostikası və etibarlılığı,hərbi rabitə vasitələrinin layihələndirilməsi və texnologiyası, proqramlaşdırma, hərbi rabitə vasitələrinin layihələndirilməsi və texnologiyası,informasiya təhlükəsizliyi və müasir hərbi rabitə texnologiyaları üzrə fənlər daxildir. Tədris prosesi mühazirə, laboratoriya məşğələləri, istehsalat təcrübəsi və digər tətbiqi fəaliyyətlərlə dəstəklənir. Proqramın sonunda məzunlar müasir rabitə və radioelektron sistemlərinin layihələndirilməsi, qurulması, istismarı, texniki xidməti, diaqnostikası və modernləşdirilməsi üzrə peşə səriştələrinə yiyələnərək müdafiə sənayesi, telekommunikasiya sektoru və elmi-tədqiqat istiqamətlərində fəaliyyət göstərmək üçün zəruri hazırlığa malik olurlar.

Proqramı araşdırın