Ümumi məlumat
- Fənn kodu
- İF-2331y
- Kredit
- 7
- Tələbənin iş yükü
- 210
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat-mühazirə b) 15 saat-seminar c) 15 saat-laboratoriya işi
- Auditoriyadan kənar saatlar
- a) 60 saat-sərbəst iş b) 75 saat-məsləhət saatı
Fənn haqqında
“Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması” fənni elektrik enerjisinin stansiyalarda (İES, SES, AES, bərpa olunan mənbələr) istehsalı, yüksək gərginlikli hava və kabel xətləri vasitəsilə uzaq məsafələrə ötürülməsi və paylayıcı şəbəkələr (35/10/0.4 kV) üzrə son istehlakçılara çatdırılmasının mühəndislik əsaslarını əhatə edir. Fəndə elektrik şəbəkələrinin əvəz sxemləri, normal və qəza iş rejimləri, güc və gərginlik itkilərinin hesablanması, eləcə də şəbəkələrin etibarlılığının artırılması yolları tədris olunur.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- seminar
- təqdimatlar
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. Elektrik enerjisinin istehsalının əsas prinsiplərini, elektrik stansiyalarının növlərini, quruluşunu və texnoloji sxemlərini izah edir;
CLO 2: FTN 2. İstilik, su, günəş, külək və geotermal elektrik stansiyalarının iş prinsiplərini, texnoloji xüsusiyyətlərini və enerji sistemində rolunu təhlil edir;
CLO 3: FTN 3. Elektrik şəbəkə və sistemlərinin quruluşunu, onlara qoyulan tələbləri, nominal gərginlikləri və neytralın iş rejimlərini müəyyən edir;
CLO 4: FTN 4. Elektrik şəbəkələrinin elementlərini, hava və kabel xətlərinin xüsusiyyətlərini, elektrik veriliş xətlərinin əvəz sxemlərini və əsas parametrlərini təhlil edir;
CLO 5: FTN 5. Elektrik veriliş xətlərinin və transformatorların güc və enerji itkilərini, həmçinin şəbəkələrin texniki-iqtisadi göstəricilərini hesablayır və qiymətləndirir;
CLO 6: FTN 6. Naqil və kabelləri iqtisadi cərəyan sıxlığına və buraxılabilən qızma şərtlərinə görə seçir, onların cərəyanla qızmasını və buraxılabilən cərəyanını müəyyən edir;
CLO 7: TN 7. Elektrik şəbəkələrinin elektrik hesablarını aparır, gərginlik düşgüsünü və itkisini, magistral paylayıcı və sadə qapalı şəbəkələrin iş rejimlərini müəyyən edir;
CLO 8: FTN 8. Elektrik veriliş xətlərinin yük rejimlərini, sabit cərəyan elektrik veriliş xətlərinin xüsusiyyətlərini və elektrik sistemlərinin müxtəlif iş rejimlərini təhlil edir;
CLO 9: FTN 9. Elektrik enerjisinin keyfiyyət göstəricilərini, aktiv və reaktiv güclər balansını, tezlik və gərginliyin tənzimlənməsi prinsiplərini qiymətləndirir və mühafizə aparatlarının seçilməsini həyata keçirir.
Mövzu planı
- 1.1. Giriş. Elektrik stansiyaları haqqında ümumi məlumat, növləriMühazirə
Elektrik enerjisinin istehsalında elektrik stansiyalarının rolu, əsas anlayışlar, elektrik stansiyalarının təyinatına və istifadə olunan enerji mənbələrinə görə növləri, onların quruluşu və iş prinsipləri haqqında ümumi məlumat verilir.
- 2.2. İstilik elektrik stansiyalarının texnoloji sxemi və iş prinsipiMühazirə
İstilik elektrik stansiyalarının əsas texnoloji quruluşu, yanacağın yandırılması və istilik enerjisinin elektrik enerjisinə çevrilməsi prosesi, əsas avadanlıqlar, onların qarşılıqlı əlaqəsi və texnoloji sxemin əsas mərhələləri haqqında məlumat verilir.
- 3.3. Su elektrik stansiyalarının texnoloji sxemi və növləriMühazirə
Su elektrik stansiyalarının əsas texnoloji quruluşu, su enerjisinin elektrik enerjisinə çevrilməsi prosesi, hidrotexniki qurğular və əsas avadanlıqlar, su elektrik stansiyalarının təzyiq və quruluş xüsusiyyətlərinə görə növləri haqqında məlumat verilir.
- 4.4. Günəş elektrik stansiyaları və onların növləri. Geotermal elektrik stansiyalarının texnoloji sxemləriMühazirə
Günəş enerjisinin elektrik enerjisinə çevrilməsi prinsipləri, günəş elektrik stansiyalarının əsas avadanlıqları və növləri, geotermal enerjinin elektrik enerjisinin istehsalında istifadəsi, geotermal elektrik stansiyalarının əsas texnoloji sxemləri və iş prinsipləri haqqında məlumat verilir.
- 5.5. Külək elektrik stansiyalarının texnoloji sxemiMühazirə
Külək enerjisinin elektrik enerjisinə çevrilməsi prinsipi, külək elektrik stansiyalarının əsas texnoloji quruluşu, külək turbinləri, generatorlar və digər əsas avadanlıqlar, onların qarşılıqlı əlaqəsi və elektrik enerjisinin şəbəkəyə ötürülməsi prosesi haqqında məlumat verilir.
- 6.6. Elektrik şəbəkə və sistemləri haqqında ümumi məlumat. Elektrik şəbəkələrinə olan tələblərMühazirə
Elektrik sistemləri və şəbəkələrinin təyinatı, quruluşu və əsas elementləri, elektrik enerjisinin istehsalçıdan istehlakçıya ötürülməsi və paylanması prosesi, elektrik şəbəkələrinin etibarlılıq, keyfiyyət, təhlükəsizlik, iqtisadi səmərəlilik və davamlılıq baxımından əsas tələbləri haqqında məlumat verilir.
- 7.7. Elektrik şəbəkələrinin nominal gərginlikləri və neytralın iş rejimləriMühazirə
Elektrik şəbəkələrində nominal gərginlik anlayışı, gərginlik səviyyələri və onların tətbiq sahələri, elektrik qurğularının nominal gərginliyə görə seçilməsi, neytralın iş rejimləri və onların elektrik şəbəkələrinin istismarı, təhlükəsizliyi və etibarlılığına təsiri haqqında məlumat verilir.
- 8.8. Elektrik şəbəkələrinin elementləri. Hava və kabel xətləriMühazirə
Elektrik şəbəkələrinin strukturunu təşkil edən əsas elementlərin təyinatı və funksional xüsusiyyətləri, hava və kabel elektrik veriliş xətlərinin konstruktiv quruluşu, keçiricilər, izolyatorlar, dayaqlar və kabel elementləri, onların texniki göstəriciləri, tətbiq sahələri və istismar xüsusiyyətləri nəzərdən keçirilir.
- 9.9. Elektrik veriliş xətlərinin əvəz sxemləri və parametrləriMühazirə
Elektrik veriliş xətlərinin əvəz sxemləri, aktiv və induktiv müqavimət, keçiricilik və tutum kimi əsas elektrik parametrləri, onların hesablanması və xəttin elektrik rejimlərinə təsiri izah edilir.
- 10.10. Elektrik veriliş xətlərinin texniki-iqtisadi hesablanması. EVX-lərində güc və enerji itkiləriMühazirə
Elektrik veriliş xətlərinin texniki-iqtisadi hesablanması, xəttin əsas texniki parametrlərinin seçilməsi, ötürülən gücdən asılı olaraq güc və enerji itkilərinin hesablanması, itkilərin yaranma səbəbləri və onların azaldılması üsulları izah edilir.
- 11.11. Transformator-larda güc və enerji itkiləriMühazirə
Transformatorlarda yüksüz və yüklü rejimlərdə yaranan güc itkiləri, maqnit və elektrik itkilərinin mahiyyəti, enerji itkilərinin hesablanması və itkilərin transformatorun enerji səmərəliliyinə təsiri izah edilir.
- 12.12. Naqil və kabellərin iqtisadi cərəyan sıxlığına görə seçilməsi, iqtisadi-texniki müqayisə. Naqil və kabellərin buraxılabilən qızma şərtinə görə yoxlanması. Naqil və kabellərin cərəyan ilə qızmasıMühazirə
Naqil və kabellərin iqtisadi cərəyan sıxlığına əsasən seçilməsi, onların texniki və iqtisadi göstəricilərinin müqayisəsi, buraxılabilən qızma temperaturunun müəyyənləşdirilməsi və elektrik cərəyanının naqil və kabellərdə istilik yaranmasına təsiri izah edilir.
- 13.13. Naqil və kabellərin qızmaya görə buraxılabilən cərəyanın təyin olunmasıMühazirə
Naqil və kabellərdə cərəyanın yaratdığı istilik, buraxılabilən temperatur həddi, istiliyin ətraf mühitə ötürülməsi, naqil və kabellərin qızmaya görə buraxılabilən cərəyan qiymətinin müəyyən edilməsi izah edilir.
- 14.14. Şəbəkənin mühafizə aparatlarının seçilməsiMühazirə
Elektrik şəbəkələrində mühafizə aparatlarının təyinatı, əsas növləri və iş prinsipləri, aparatların nominal cərəyan, gərginlik və açma qabiliyyətinə görə seçilməsi, həmçinin şəbəkənin qısaqapanma və artıq yüklənmədən mühafizəsinin əsas şərtləri izah edilir.
- 15.15. Elektrik şəbəkələrinin elektrik hesabı. Elektrik şəbəkələrində gərginlik düşgüsü və itkisiMühazirə
Elektrik şəbəkələrinin elektrik hesabının əsas prinsipləri, şəbəkə elementlərində cərəyan, güc və gərginlik parametrlərinin müəyyənləşdirilməsi, elektrik şəbəkələrində gərginlik düşgüsü və gərginlik itkisinin yaranma səbəbləri və onların hesablanması izah edilir.
- 16.16. Magistral paylayıcı şəbəkələrin hesablanmasıMühazirə
Magistral paylayıcı şəbəkələrin hesablama sxemləri, elektrik yüklərinin və güc axınlarının paylanması, gərginlik düşgüsü və güc itkilərinin hesablanması araşdırılır.
- 17.17. Sadə qapalı şəbəkələrin hesablanmasıMühazirə
Sadə qapalı elektrik şəbəkələrinin hesablama sxemləri, yük və güc axınlarının paylanması, gərginlik düşgüsü və güc itkilərinin hesablanması araşdırılır.
- 18.18. Elektrik veriliş xətlərinin yük rejimlərinin hesablanmasıMühazirə
Elektrik veriliş xətlərinin yük rejimləri, güc axınlarının paylanması, cərəyan və gərginlik dəyişmələri, həmçinin aktiv və reaktiv güc itkilərinin hesablanması araşdırılır.
- 19.19. Sabit cərəyan elektrik veriliş xətləriMühazirə
Sabit cərəyan elektrik veriliş xətlərinin quruluşu, iş prinsipi, əsas elektrik parametrləri və tətbiq sahələri, sabit cərəyanla elektrik enerjisinin uzaq məsafələrə ötürülməsinin xüsusiyyətləri araşdırılır.
- 20.20. Elektrik sistemlərinin iş rejimləri. Elektrik enerjisinin keyfiyyət göstəriciləriMühazirə
Elektrik sistemlərinin normal, qəza və qəza sonrası iş rejimləri, gərginlik və tezlik dəyişmələri, elektrik enerjisinin keyfiyyət göstəriciləri və onların normativ tələblərə uyğunluğu araşdırılır.
- 21.21. Aktiv və reaktiv güclər balansı, tezliyin və gərginliyin tənzim olunmasıMühazirə
Elektrik sistemlərində aktiv və reaktiv güclər balansı, tezliyin və gərginliyin dəyişmə səbəbləri, onların tənzimlənməsi prinsipləri və sistemin dayanıqlı işinin təmin edilməsi araşdırılır.
- 22.22. Elektrik sistemində gərginliyin tənzim olunmasıMühazirə
Elektrik sistemində gərginliyin dəyişmə səbəbləri, gərginliyin tənzimlənməsi üsulları, transformatorların tənzimləyici qurğuları və reaktiv güc mənbələrinin gərginlik rejiminə təsiri araşdırılır.
- 23.23. Elektrik sistemində gərginliyin tənzim olunmasıMühazirə
Elektrik sistemində gərginliyin tənzimlənməsi üsulları, transformatorların tənzimləmə qurğuları və reaktiv gücün idarə olunması vasitəsilə gərginlik rejiminin formalaşdırılması araşdırılır.
- 24.1. Ənənəvi elektrik stansiyalarıMəşğələ
Ənənəvi elektrik stansiyalarının əsas növləri, texnoloji sxemləri və əsas avadanlıqları nəzəri və praktiki məsələlər əsasında araşdırılır. İstilik və su elektrik stansiyalarının texniki göstəriciləri müqayisə edilir.
- 25.2. Qeyri-ənənəvi elektrik stansiyalarıMəşğələ
Qeyri-ənənəvi elektrik stansiyalarının əsas növləri, texnoloji sxemləri və iş prinsipləri nəzəri və praktiki məsələlər əsasında araşdırılır. Günəş, külək və geotermal elektrik stansiyalarının texniki göstəriciləri müqayisə edilir.
- 26.3. Hava və kabel xətləriMəşğələ
Hava və kabel elektrik xətlərinin konstruktiv quruluşu, əsas texniki parametrləri və tətbiq xüsusiyyətləri nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Hava və kabel xətlərinin texniki göstəriciləri müqayisə edilir.
- 27.4. Naqil və kabellərin seçilməsiMəşğələ
Naqil və kabellərin seçilmə meyarları, iqtisadi cərəyan sıxlığı və buraxılabilən qızma şərtləri nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Müxtəlif iş rejimləri üçün naqil və kabel kəsiklərinin seçilməsi müqayisə edilir.
- 28.5. Magistral elektrik şəbəkələrinin hesablanmasıMəşğələ
Magistral elektrik şəbəkələrinin hesablama sxemləri, yük və güc axınlarının paylanması, gərginlik düşgüsü və güc itkilərinin təyini nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Şəbəkənin əsas elektrik parametrləri hesablanır.
- 29.6. Sadə qapalı şəbəkələrin hesablanmasıMəşğələ
Sadə qapalı elektrik şəbəkələrinin hesablama sxemləri, yük və güc axınlarının paylanması, gərginlik düşgüsü və güc itkilərinin təyini nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Şəbəkənin iş rejimi qiymətləndirilir.
- 30.7. Elektrik veriliş xətlərinin elektrik hesabıMəşğələ
Elektrik veriliş xətlərinin elektrik parametrləri, yük cərəyanları və güc axınları nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Xətlərdə gərginlik düşgüsü və güc itkiləri hesablanır.
- 31.8. Elektrik sistemlərinin iş rejimləriMəşğələ
Elektrik sistemlərinin normal, qəza və qəza sonrası iş rejimləri, rejim parametrlərinin dəyişməsi və sistemin dayanıqlılığının qiymətləndirilməsi nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Müxtəlif iş rejimlərində gərginlik, cərəyan və güc parametrləri müqayisə edilir.
- 32.1. Mikro su elektrik stansiyalarının iş rejimlərinin tədqiqiLaboratoriya
Mikro su elektrik stansiyalarının quruluşu və iş prinsipi, müxtəlif iş rejimlərində elektrik və energetik göstəricilərinin dəyişməsi nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Su sərfinin və yükün stansiyanın çıxış gücünə, gərginliyinə və faydalı iş əmsalına təsiri təhlil edilir..
- 33.2. Külək elektrik stansiyalarının iş rejimlərinin tədqiqiLaboratoriya
Külək elektrik stansiyalarının iş rejimləri, külək sürətinin dəyişməsinin generatorun çıxış gücünə və enerji istehsalına təsiri öyrənilir. Müxtəlif külək sürətlərində stansiyanın elektrik göstəricilərinin dəyişməsi nəzəri hesablamalar və kompüter simulyasiyası əsasında təhlil edilir.
- 34.3. Yerli paylayıcı elektrik şəbəkəsinin iş rejimiLaboratoriya
Yerli paylayıcı elektrik şəbəkəsinin quruluşu və iş rejimi, elektrik yüklərinin paylanması, gərginlik və cərəyanın dəyişməsi, şəbəkə elementlərində güc itkiləri öyrənilir. Müxtəlif yüklənmə hallarında şəbəkənin iş göstəriciləri nəzəri hesablama və kompüter modelləşdirilməsi əsasında təhlil edilir.
- 35.4. Qapalı rayon elektrik şəbəkəsində enerji axınlarının paylanmasıLaboratoriya
Qapalı rayon elektrik şəbəkəsində enerji axınlarının paylanması, şəbəkə qollarında aktiv və reaktiv güc axınlarının dəyişməsi və yük rejiminin təsiri öyrənilir. Enerji axınlarının paylanması nəzəri və hesablama məsələləri əsasında təhlil edilir.
- 36.5. Yüksək gərginlikli EVX-nin iş rejiminin öyrənilməsiLaboratoriya
Yüksək gərginlikli elektrik veriliş xəttinin iş rejimi, yük cərəyanı, gərginlik və güc axınlarının dəyişməsi öyrənilir. Xəttin iş rejiminə yükün və xətt parametrlərinin təsiri nəzəri və hesablama məsələləri əsasında təhlil edilir..
- 37.1. İstilik elektrik stansiyaları, prinsipial sxemləri, növləriSərbəst iş
İstilik elektrik stansiyalarının quruluşu və iş prinsipi, prinsipial sxemləri, əsas növləri və texnoloji xüsusiyyətləri araşdırılır. Yanacağın istilik enerjisinin elektrik enerjisinə çevrilməsi prosesi təhlil edilir.
- 38.1. Hibrid elektrik stansiyalarıSərbəst iş
Hibrid elektrik stansiyalarının quruluşu və iş prinsipi, müxtəlif enerji mənbələrinin birgə istifadəsi, texnoloji sxemləri və enerji istehsalının idarə olunması xüsusiyyətləri araşdırılır.
- 39.3. Yarımstansiyaların birləşmə sxemləri və avadanlıqlarıSərbəst iş
Yarımstansiyaların birləşmə sxemləri, əsas elektrik avadanlıqları və onların funksional təyinatı, kommutasiya və qoruma qurğularının qarşılıqlı əlaqəsi araşdırılır. Müxtəlif birləşmə sxemlərinin tətbiq xüsusiyyətləri təhlil edilir.
- 40.4. Elektrik sistemlərində qısaqapanma-larSərbəst iş
Elektrik sistemlərində qısaqapanmaların yaranma səbəbləri və növləri, qəza cərəyanlarının xüsusiyyətləri, qısaqapanmaların elektrik şəbəkəsinin iş rejiminə təsiri və onların hesablanması üsulları araşdırılır.
- 41.5. Uzun və sabit cərəyan elektrik veriliş xətlərinin hesablanmasıSərbəst iş
Uzun və sabit cərəyan elektrik veriliş xətlərinin hesablama sxemləri, elektrik parametrlərinin xüsusiyyətləri, enerji axınları, gərginlik dəyişmələri və güc itkilərinin hesablanması araşdırılır.
Ədəbiyyat
- 1. Rzayev, B.H., Beydullayev,M.Ə., Kələntərov, V.A. Elektrik stansiyalarının və yarımstansiyalarının elektrik avadanlıqları. Bakı: Mütərcim, 2014, 432 s.(yeni pəncərədə açılır)
- 2. Orucov Nəcəf, Zohrabov Ariz, Quliyev Zahid. Elektrik enerjisinin ötürülməsi və paylanması. Bakı-2015.(yeni pəncərədə açılır)
- 3. Əliyev, R.M. (2021). Elektrik enerjisinin istehsalı və ötürülməsi sistemləri. Bakı: ADNSU Nəşriyyatı.(yeni pəncərədə açılır)
- 4. Həsənov, E.T. (2020). Elektrik şəbəkələrinin layihələndirilməsi və istismarı. Bakı: Elm və Təhsil.(yeni pəncərədə açılır)
- 5. Касаткин, А.Н., & Попов, И.В. (2022). Электрические станции и подстанции: учебник для вузов (3-е изд.). Москва: Энергия.(yeni pəncərədə açılır)
- 6. Yusifbəyli N.A. “Elektrik sistemlərində keçid prosesləri” Bakı AzTU – 2008 (330 səh.)(yeni pəncərədə açılır)
- 7 Glover, J.D., Sarma, M.S., & Overbye, T.J. (2022). Power System Analysis and Design (7th ed.). Boston, MA: Cengage Learning.(yeni pəncərədə açılır)
- 8 El-Hawary, M.E. (2020). Electrical Power Systems: Design and Analysis. Hoboken, NJ: Wiley-IEEE Press.(yeni pəncərədə açılır)
- 9 Məmmədov E.M. (2013). “Elektrik sistemlərinin yarımstansiyaları”, Bakı. 95 səh.(yeni pəncərədə açılır)
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-5 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |