Bakalavr proqramı

Sistemlər mühəndisliyi

BakalavrXTB050107Xüsusi Texnika və TexnologiyaMüdafiə Sistemləri və Texnoloji İnteqrasiya24 fənn

Proqram haqqında

Sistemlər mühəndisliyi müxtəlif texniki, informasiya və təşkilati sistemlərin vahid yanaşma ilə layihələndirilməsi və idarə olunmasını öyrədən müasir mühəndislik sahəsidir. Bu ixtisasın əsas məqsədi mürəkkəb sistemlərin strukturunu təhlil edə, onların fəaliyyətini modelləşdirə, resurslardan səmərəli istifadəni təmin edə və optimal qərarlar qəbul edə bilən mütəxəssislər hazırlamaqdır. İxtisas mühəndislik, informasiya texnologiyaları, riyazi modelləşdirmə və idarəetmə elmlərinin inteqrasiyasına əsaslandığından məzunlar həm texniki sistemlərin, həm də biznes və əməliyyat proseslərinin qarşılıqlı əlaqəsini mənimsəyirlər. Bu sahənin mühəndisləri sistemlərin etibarlılığını, məhsuldarlığını və səmərəliliyini qiymətləndirməyi, həmçinin müasir proqram təminatı və analitik alətlərdən istifadə etməklə problemlərə innovativ həllər hazırlamağı bacarmalıdırlar. Rəqəmsallaşma, avtomatlaşdırma, böyük verilənlər (Big Data) və süni intellekt texnologiyalarının sürətli inkişafı bu ixtisasın aktuallığını daha da artırır. Bu istiqamətdə əldə olunan bilik və bacarıqlar məzunlara elmi-tədqiqat fəaliyyəti, layihə idarəetməsi və beynəlxalq əmək bazarında peşəkar inkişaf üçün möhkəm zəmin yaradır.

Dərəcə tələbləri

"Sistemlər mühəndisliyi" bakalavriat proqramı 4 il (8 semestr) müddətində tədris olunur və məzun olmaq üçün tələbələrin 240 AKTS krediti toplamaları tələb edilir. Tədris proqramı Avropa Kredit Transfer və Toplanma Sisteminə (AKTS) uyğun hazırlanmışdır və nəzəri biliklərlə praktik mühəndislik bacarıqlarının inteqrasiyasına əsaslanır. Proqramın məzmunu 30 AKTS ümumi təhsil fənləri, 30 AKTS fundamental (baza) mühəndislik fənləri, 120 AKTS ixtisasın peşə hazırlığı fənləri və 60 AKTS peşə hazırlığı üzrə seçmə fənlərdən ibarətdir. Bu struktur tələbələrə həm möhkəm fundamental mühəndislik hazırlığı, həm də mürəkkəb texniki və təşkilati sistemlərin layihələndirilməsi və idarə olunması üzrə peşəkar bilik və bacarıqlar qazandırır. Tədris proqramına ali riyaziyyat, fizika, avtonom sistemlər və PUA, sistemlərin modelləşdirilməsi və simulyasiyası, müdafiə sistemləri mühəndisliyi, müdafiə sistemlərində standartlar və uyğunluq (MIL-STD, NATO STANAG), müdafiə sistemləri üzrə layihə və proqram idarəetməsi üzrə fənlər daxildir. Tədris prosesi mühazirələr, laboratoriya məşğələləri, kompüter simulyasiyaları, istehsalat təcrübəsi və digər tətbiqi fəaliyyətlərlə dəstəklənir. Proqramın sonunda məzunlar müxtəlif sahələrdə istifadə olunan texniki, informasiya və idarəetmə sistemlərinin təhlili, layihələndirilməsi, optimallaşdırılması və idarə olunması üzrə peşə səriştələrinə yiyələnərək müdafiə sənayesi, telekommunikasiya sektoru və elmi-tədqiqat istiqamətlərində fəaliyyət göstərmək üçün zəruri hazırlığa malik olurlar.

Proqramı araşdırın