Ümumi məlumat
- Fənn kodu
- MM-1403
- Kredit
- 6
- Tələbənin iş yükü
- 50
- Semestr
- Payız semestri
- Akademik il
- 1
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat- seminar
- Auditoriyadan kənar saatlar
- a) 50 saat – sərbəst iş
Fənn haqqında
Fənn kriptoqrafiyanın nəzəri əsaslarının, müasir kriptoqrafik metod və alqoritmlərin öyrənilməsinə yönəldilmişdir. Fənn çərçivəsində klassik və müasir şifrləmə üsulları, simmetrik və asimmetrik kriptosistemlər, açıq açarlı kriptoqrafiya, rəqəmsal imza, kriptoqrafik heş funksiyaları və kriptoqrafik protokollar öyrənilir. Həmçinin DES, AES və RSA kimi əsas kriptoqrafik alqoritmlərin iş prinsipləri, açarların idarə edilməsi, autentifikasiya və məlumatların təhlükəsizliyinin təmin edilməsi məsələləri nəzərdən keçirilir. Fənn tələbələrdə kriptoqrafik metodların tətbiqi və informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə nəzəri bilik və praktiki bacarıqlar formalaşdırır.
Tədris metodları
- mühazirə
- seminar
- təqdimatlar
- interaktiv müzakirə
Fənn təlim nəticələri (CLO)
CLO 1: Kriptoqrafiyanın əsas prinsiplərini, simmetrik və asimmetrik şifrələmə mexanizmlərinin iş qaydasını izah edir.
CLO 2: Məlumatların məxfiliyini və bütövlüyünü təmin etmək üçün riyazi alqoritmləri və kriptoqrafik protokolları tətbiq edir.
CLO 3: Şifrələmə sistemlərinin və təhlükəsizlik protokollarının zəif tərəflərini müəyyənləşdirmək üçün kriptoanaliz üsullarını analiz edir.
CLO 4: Kriptoqrafik alqoritmlərin praktiki sınaq nəticələrini və təhlükəsizlik auditlərini şərh edir, texniki hesabat hazırlayır.
CLO 5: Komanda şəklində təhlükəsiz proqram təminatı və ya kriptoqrafik layihə hazırlayıb təqdim edir.
Mövzu planı
- 1.Kriptoqrafiyanın əsas anlayışları
Kriptoqrafiyanın əsas anlayışları, məqsədləri və prinsipləri öyrənilir. Açıq və qapalı mətn, açar, şifrələmə və deşifrələmə anlayışları, həmçinin informasiyanın məxfiliyinin, bütövlüyünün və autentikliyinin təmin edilməsi prinsipləri nəzərdən keçirilir.
- 2.Klassik şifrlərMühazirə
Klassik şifrələmə üsulları, o cümlədən əvəzetmə və yerdəyişmə şifrləri öyrənilir. Klassik şifrlərin qurulma prinsipləri, tətbiq xüsusiyyətləri, kriptanaliz üsulları və əsas çatışmazlıqları araşdırılır.
- 3.Axın şifrləriMühazirə
Axın şifrlərinin iş prinsipləri və açar axınının formalaşdırılması üsulları öyrənilir. Məlumatların şifrələnməsi və deşifrələnməsi prosesləri, axın şifrlərinin tətbiq xüsusiyyətləri və açar materialına qoyulan tələblər nəzərdən keçirilir.
- 4.Blok şifrələriMühazirə
Blok şifrələməsinin əsas prinsipləri və məlumatların sabit uzunluqlu bloklar şəklində emalı öyrənilir. Blok şifrlərinin strukturu, iş rejimləri və kriptoqrafik təhlükəsizliyə dair əsas tələblər araşdırılır.
- 5.DES (Data Encryption Standard) şifriMühazirə
DES alqoritminin strukturu və iş prinsipi öyrənilir. Şifrələmə və deşifrələmə mərhələləri, raund strukturu, açarların formalaşdırılması və alqoritmin əsas xüsusiyyətləri nəzərdən keçirilir.
- 6.AES (Advanced Encryption Standard) standartıMühazirə
AES standartının strukturu və iş prinsipi öyrənilir. Məlumatların əsas çevrilmə mərhələləri, bloklar və açarlar üzərində aparılan əməliyyatlar, raund strukturu, iş rejimləri və kriptoqrafik mühafizənin xüsusiyyətləri araşdırılır.
- 7.Açıq açarlı kriptoqrafiyaMühazirə
Asimmetrik kriptoqrafiyanın prinsipləri və simmetrik kriptoqrafiyadan fərqləri öyrənilir. Açıq və gizli açar anlayışları, açarların paylanması problemi və açıq açarlı kriptoqrafiyanın əsas tətbiq sahələri nəzərdən keçirilir.
- 8.RSA kriptosistemiMühazirə
RSA kriptosisteminin riyazi əsasları və iş prinsipi öyrənilir. Açarların yaradılması, məlumatların şifrələnməsi və deşifrələnməsi prosesləri, həmçinin RSA kriptosisteminin təhlükəsizlik prinsipləri nəzərdən keçirilir.
- 9.Diskret loqarifm əsasında kriptosistemlərMühazirə
Diskret loqarifmləmə məsələsinin mürəkkəbliyinə əsaslanan kriptosistemlər öyrənilir. Sonlu qruplarda əməliyyatların riyazi əsasları və diskret loqarifmləmə məsələsinin kriptoqrafik protokollarda tətbiqi nəzərdən keçirilir.
- 10.Rəqəmsal imza sxemləriMühazirə
Rəqəmsal imzanın təyinatı və əsas prinsipləri öyrənilir. İmzanın yaradılması və yoxlanılması prosesləri, rəqəmsal imza sxemlərinə qoyulan tələblər və onların elektron məlumatların autentikliyinin və bütövlüyünün təmin edilməsində tətbiqi araşdırılır.
- 11.Kriptoqrafik heş funksiyalarıMühazirə
Kriptoqrafik heş funksiyalarının anlayışı və əsas xassələri öyrənilir. Heş funksiyalarının təhlükəsizlik tələbləri, kolliziya və biristiqamətlilik anlayışları, həmçinin heş funksiyalarının informasiya təhlükəsizliyində tətbiqi nəzərdən keçirilir.
- 12.SHA-1 heş funksiyasıMühazirə
SHA-1 alqoritminin strukturu və iş prinsipi öyrənilir. Giriş məlumatlarının emalı mərhələləri, heş qiymətinin formalaşdırılması və alqoritmin kriptoqrafik sistemlərdə tətbiqi nəzərdən keçirilir. SHA-1-in müasir dövrdə kriptoqrafik dayanıqlığı ilə bağlı məhdudiyyətləri də izah edilir.
- 13.Kriptoqrafik protokollarMühazirə
Kriptoqrafik protokolların anlayışı, təyinatı və əsas prinsipləri öyrənilir. Təhlükəsiz məlumat mübadiləsi, açarların paylanması və protokol iştirakçılarının qarşılıqlı əlaqəsi, həmçinin kriptoqrafik protokollara qoyulan təhlükəsizlik tələbləri araşdırılır.
- 14.Autentifikasiya protokollarıMühazirə
İnformasiya mübadiləsində iştirakçıların həqiqiliyinin təsdiqlənməsi üsulları öyrənilir. Autentifikasiya protokollarının əsas növləri, kriptoqrafik açarlardan, təsadüfi ədədlərdən və digər mexanizmlərdən istifadə, həmçinin müxtəlif hücumlardan mühafizə prinsipləri nəzərdən keçirilir.
- 15.Kriptovalyuta və blokçeynMühazirə
Kriptovalyuta və blokçeyn texnologiyalarının əsas anlayışları və prinsipləri öyrənilir. Blokçeyn şəbəkəsinin strukturu, bloklar və tranzaksiyalar, əməliyyatların təsdiqlənməsi mexanizmləri, məlumatların qorunmasında kriptoqrafik üsullar və mərkəzləşdirilməmiş sistemlərin iş prinsipləri araşdırılır
Ədəbiyyat
- 1.Əliquliyev R.M., İmamverdiyeva Y.N. Kriptoqrafiyanın əsasları, Bakı: «İnformasiya Texnologiyaları» nəşriyyatı, 2006, 698 səh.
- 2.Henk C.A. van Tilborg. Fundamentals of cryptology. A Professional Reference and Interactive Tutorial. Eindhoven University of Technology The Netherlands, 2024 503 p.
- 3.İmamverdiyev Y.N. Blokçeyn texnologiyaları. İnformasiya cəmiyyəti problemləri, Bakı - 2019, №2, 18–32 s.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |