Fənn · Elektrik və elektronika mühəndisliyi.
Yüksək gərginlikli elektrik veriliş xətləri
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Akademik il
2026-2027
Fənnin təsviri
Fəndə yüksək gərginlikli hava və kabel elektrik veriliş xətlərinin inkişaf mərhələləri, təsnifatı, konstruktiv elementləri, layihələndirilməsi, elektrik, mexaniki və istilik hesablamaları, istismar xüsusiyyətləri, mühafizə üsulları, sınaq və diaqnostika metodları öyrənilir. Həmçinin kabel izolyasiyasının köhnəlmə prosesləri, qismən boşalmalar, su və elektrik triinqləri, kabel armaturları, yüksək gərginlikli sabit cərəyanlı ötürmə sistemləri, qaz izolyasiyalı elektrik veriliş xətləri, yüksək temperaturlu ifratkeçirici kabel sistemləri, xüsusi təyinatlı kabel sistemləri, eləcə də rəqəmsal monitorinq, optik lif texnologiyaları, rəqəmsal əkiz və süni intellekt əsaslı diaqnostika sistemləri haqqında müasir elmi-texniki biliklər təqdim edilir. Fənnin məqsədi magistrantlarda yüksək gərginlikli hava və kabel elektrik veriliş xətlərinin layihələndirilməsi, konstruksiyası, istismarı, sınağı və diaqnostikası sahəsində nəzəri biliklər və praktiki bacarıqlar formalaşdırmaqdır.
Fənn təlim nəticələri
CLO 1: Yüksək gərginlikli hava və kabel elektrik veriliş xətlərinin konstruksiyasını, iş prinsiplərini, əsas elementlərini və tətbiq sahələrini izah edir.
CLO 2: Hava və kabel elektrik veriliş xətlərinin elektrik, mexaniki və istilik parametrlərini hesablayır, layihələndirmə zamanı optimal texniki həlləri seçir.
CLO 3: Yüksək gərginlikli elektrik veriliş xətlərinin istismarı, sınağı, diaqnostikası və etibarlılığının qiymətləndirilməsi üsullarını tətbiq edir.
CLO 4: Qismən boşalma, izolyasiyanın köhnəlməsi, su və elektrik triinqləri kimi nasazlıqların yaranma səbəblərini təhlil edir və onların qarşısının alınması yollarını əsaslandırır.
CLO 5: Qaz izolyasiyalı elektrik veriliş xətləri, yüksək temperaturlu ifratkeçirici kabel sistemləri, sabit cərəyanlı yüksək gərginlikli ötürmə sistemləri və digər müasir elektrik veriliş texnologiyalarını müqayisəli şəkildə qiymətləndirir.
CLO 6: Yüksək gərginlikli elektrik veriliş xətlərinin layihələndirilməsi və istismarı zamanı beynəlxalq standartlardan (IEC, IEEE, CIGRE və s.) və müasir proqram təminatlarından istifadə etməklə mühəndis qərarları qəbul edir.






