Fənn · İnformasiya təhlükəsizliyi (master)
Kibertəhlükəsizlik hüququ
Fənn haqqında
Kredit
6
İş yükü
135saat
Semestr
Yaz
Tədris ili
1
Fənnin təsviri
Kibertəhlükəsizlik hüququ fənni informasiya və kommunikasiya texnologiyalarının istifadəsi zamanı yaranan hüquqi münasibətləri, kibertəhlükəsizlik sahəsində hüquqi tələbləri və informasiya resurslarının hüquqi mühafizəsi prinsiplərini əhatə edir. Fənn çərçivəsində kibercinayətkarlıq, fərdi məlumatların və məxfiliyin qorunması, informasiya sistemlərinə qanunsuz giriş, məlumatların qanunsuz əldə edilməsi və istifadəsi ilə bağlı hüquqi məsələlər öyrənilir. Həmçinin informasiya təhlükəsizliyi üzrə hüquqi məsuliyyət, elektron sübutların toplanması və istifadəsi, kibertəhlükəsizlik insidentlərinin hüquqi aspektləri, təşkilatların informasiya sistemlərinin qorunması ilə bağlı öhdəlikləri və kiberməkanda beynəlxalq hüquqi əməkdaşlıq məsələləri nəzərdən keçirilir. Tələbələr kibertəhlükəsizlik fəaliyyətinin hüquqi çərçivəsini təhlil etmək, əsas hüquqi riskləri müəyyənləşdirmək və informasiya təhlükəsizliyi tədbirlərinin hüquqi tələblərə uyğunluğunu qiymətləndirmək bacarıqları əldə edirlər.
Fənn təlim nəticələri
CLO 1: İnformasiya hüququnun əsasları, mənbələri, hüquq münasibətlərinin elementləri, hüquq normalarının subyektləri barədə biliklər qazanmalı, habelə informasiya sahəsində əsas insan hüquq və azadlıqlarını öyrənməlidir.
CLO 2: Azərbaycan Respublikasında informasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri, müvafiq strategiya və dövlət proqramları barədə biliklər əldə etməli, eləcə də ölkənin informasiya sahəsində milli təhlükəsizlik maraqları və informasiya təhlükəsizliyi siyasəti ilə bağlı biliklərə yiyələnməlidir.
CLO 3: İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı rəhbər normativ hüquqi aktlarla tanış olmalı və onların tələblərini bilməlidir.
CLO 4: Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması sahəsində hüquqi və təşkilati məsələlər, eləcə də infrastruktur obyektlərinin təsnifatlaşdırılması, minimal təhlükəsizlik tələbləri, nəzarət mexanizmləri barədə ümumi biliklərə yiyələnməlidir.
CLO 5: Fərdi məlumatların, eləcə də dövlət sirri təşkil edən və konfidensial informasiyanın, habelə peşə, kommersiya, istintaq və məhkəmə sirrinin mühafizəsi sahəsində müvafiq qanunvericiliyin tələblərini bilməli, eləcə də mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirlərini öyrənməlidir.
CLO 6: Kibercinayətlərin anlayışı, təsnifatı və kibercinayətkarlığa qarşı mübarizənin hüquqi əsasları, habelə informasiya müharibəsi və kibermüharibə anlayışları və onların xüsusiyyətləri, müasir çağırışlar və hibrid müharibələrin hüquqi aspektləri barədə ümumi biliklər əldə etməlidir.