Fənn · İnformasiya təhlükəsizliyi

Sənaye Əşyaların İnterneti (IIoT)

İFS-2218yn6 kreditYaz semestriSeçmə2

Fənn haqqında

Kredit

6

İş yükü

120saat

Semestr

Yaz

Tədris ili

2

Fənnin təsviri

“Sənaye Əşyaların İnterneti” fənni sənaye mühitlərində IoT sistemlərinin qurulması, inteqrasiyası və tətbiqinin əsas prinsiplərini əhatə edir. Fənn çərçivəsində Sənaye IoT sistemlərinin arxitekturası və əsas komponentləri, sensor və aktuatorların işləmə prinsipləri və sistemlərə inteqrasiyası öyrənilir. Sənaye mühitlərində istifadə olunan şəbəkə və rabitə texnologiyaları, IoT protokolları və platformaları, onların xüsusiyyətləri və tətbiq sahələri nəzərdən keçirilir. Tələbələr sensorlardan məlumatların toplanması və ötürülməsi, müxtəlif rabitə protokolları vasitəsilə qurğulararası əlaqənin yaradılması, həmçinin məlumatların edge və bulud texnologiyaları əsasında emalı üzrə bilik və bacarıqlar əldə edirlər. Tədris prosesində sensor və aktuator əsaslı sistemlərin qurulmasına, sənaye rabitə texnologiyaları və protokollarının tətbiqinə, eləcə də Sənaye IoT həllərinin praktiki reallaşdırılmasına diqqət yetirilir. Tədrisin sonunda tələbələr Sənaye 4.0 konsepsiyası çərçivəsində Sənaye IoT sistemlərini təhlil etmək, uyğun rabitə texnologiyası və protokollarını seçmək və sadə IoT həlləri hazırlamaq bacarığına yiyələnirlər.

Fənn təlim nəticələri

  1. CLO 1: Əşyaların İnterneti (IoT), Sənaye Əşyaların İnterneti (IIoT) və Sənaye 4.0 konsepsiyalarını, onların əsas komponentlərini, funksional xüsusiyyətlərini və qarşılıqlı əlaqəsini izah edə bilir. IIoT sistemlərinin sənaye proseslərinin rəqəmsallaşdırılması və transformasiyasındakı rolunu təhlil etməyi bacarır.

  2. CLO 2: Sənaye Əşyaların İnterneti sistemlərinin arxitekturasını, əsas komponentlərini və Industrial Internet Reference Architecture (IIRA) modelinin baxış səviyyələrini bilir. Müxtəlif sənaye tətbiq ssenariləri üçün IIoT sistemlərinin funksional komponentlərini və uyğun arxitektura yanaşmalarını müəyyənləşdirməyi bacarır.

  3. CLO 3: Sensorların, aktuatorların, gömülü sistemlərin və mikrokontrollerlərin iş prinsiplərini, növlərini və texniki xüsusiyyətlərini bilir. Müxtəlif sənaye tətbiqlərinin tələblərinə uyğun sensor və aktuatorları seçməyi, Arduino və Raspberry Pi kimi platformalardan istifadə etməklə sadə IoT sistemlərini proqramlaşdırmağı bacarır.

  4. CLO 4: IoT və IIoT sistemlərində istifadə olunan simli və simsiz kommunikasiya texnologiyalarını, kanal, şəbəkə/internet, nəqliyyat və tətbiq səviyyəsi protokollarını bilir. RFID, NFC, BLE, Wi-Fi, mobil şəbəkələr, IEEE 802.15.4, IPv6, 6LoWPAN, RPL, Thread, ZigBee, Z-Wave, LoRaWAN, UDP, MQTT, CoAP və digər kommunikasiya texnologiya və protokollarını müqayisə etməyi və tətbiq tələblərinə uyğun seçim etməyi bacarır.

  5. CLO 5: Edge və bulud hesablamanın IIoT sistemlərindəki rolunu, arxitekturasını və əsas funksiyalarını bilir. Sensor məlumatlarının toplanması, ötürülməsi, real-zamanlı emalı və IoT platformalarına inteqrasiyası prinsiplərini izah edə, müxtəlif emal yanaşmalarını tətbiq tələblərinə uyğun təhlil edə bilir.

  6. CLO 6: IIoT sistemlərində əsas təhlükəsizlik zəifliklərini, kiberhücumları, təhlükəsizlik mexanizmlərini və sənaye kibertəhlükəsizlik standartlarını bilir. Sensor, aktuator, kommunikasiya texnologiyası, protokol, Edge və ya bulud platforması kimi komponentləri uyğun şəkildə seçərək sadə IIoT həllini layihələndirməyi, hazırlamağı və texniki cəhətdən əsaslandırmağı bacarır.