Fənn · İnformasiya təhlükəsizliyi

Kibertəhlükəsizliyin əsaslarıSillabus

İF-2201y6 kreditYaz semestriMəcburi1

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2201y
Kredit
6
Tələbənin iş yükü
120
Semestr
Yaz semestri
Akademik il
1
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 70 saat - TSİ b) 50 saat - MRTSİ

Fənn haqqında

Fənn tələbələrdə kibertəhlükəsizliyin konseptual əsasları, rolu və müasir rəqəmsal mühitdə əhəmiyyəti üzrə fundamental nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi anlayışları, onların fərqli və qarşılıqlı əlaqəli xüsusiyyətləri, informasiya sistemlərinin, şəbəkələrin və istifadəçi məlumatlarının qorunmasının əsas prinsipləri öyrənilir. Müxtəlif kiberhücum vektorları və təhdid subyektləri, zəiflik, təhdid və risk anlayışları, kiberhücum zəncirinin mərhələləri və hər bir mərhələyə qarşı tətbiq olunan texniki və təşkilati müdafiə tədbirləri nəzərdən keçirilir. Tələbələr sızma testinin əsas metodologiyaları, Linux mühitində işləmə, açıq mənbələrdən məlumat toplama (OSINT), şəbəkələrin skan edilməsi, zəifliklərin müəyyən edilməsi və idarə olunması, sistem təhlükəsizliyinin qiymətləndirilməsi və girişə nəzarət prinsipləri ilə tanış olurlar. Həmçinin sosial mühəndislik, DDoS hücumları və müdafiə üsulları, veb tətbiqlərin və naqilsiz şəbəkələrin təhlükəsizliyi, imtiyazların idarə edilməsi, kibertəhlükəsizliyin etik və hüquqi aspektləri, eləcə də generativ süni intellekt texnologiyalarının yaratdığı imkan və risklər araşdırılır. Fənn tələbələrdə zəifliklərin təhlili, təhlükəsizlik sınaqlarının aparılması, nəticələrin qiymətləndirilməsi və hesabatların hazırlanması üzrə ilkin praktiki bacarıqların, eləcə də kibertəhlükəsizlik problemlərinə sistemli və analitik yanaşmanın inkişaf etdirilməsinə yönəlmişdir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • təqdimatlar
  • seminar
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Kibertəhlükəsizlik üzrə əsas konsepsiya və anlayışları bilməlidir.

  2. CLO 2: Kibertəhlükəsizliyi idarə etməyin əhəmiyyətini başa düşülməlidir. Kibertəhlükəsizliyin təmin olunmasında təşkilati forma və metodları bilməlidir.

  3. CLO 3: Kibertəhlükəsizliyinin təmin olunması üçün əsas prinsipləri bilməli, həmçinin texniki üsul və vasitələri öyrənməlidir. Habelə zəiflikləri, boşluqlar, təhdidlər və risklər barədə bilməli, onların xüsusiyyətlərini, həmçinin idarə olunmasına dair ümumi biliklərə sahib olmalıdır.

  4. CLO 4: Müdafiə və hücumyönümlü kibertəhlükəsizlik sahəsində zəruri vasitələrin funksiyalarını bilməlidir.

  5. CLO 5: Təhlükəsizliyi idarə etmə alətlərini ("controlları, üsul və vasitələri) tətbiq etməklə təhlükəsizlik siyasətlərini həyata keçirməyi bacarmalıdır. Kibertəhlükəsizlik siyasətinin aktuallığı, formalaşma xüsusiyyətləri və tətbiqinə dair ümumi biliklərə sahib olmalı, həmçinin təmin olunması üsullarını bilməlidir.

  6. CLO 6: Kibertəhlükəsizlik sahəsində qlobal regional və milli normaları, standartları və qabaqcıl təcrübələri bilməli, onların inkişafını izləməyi bacarmalıdır

Mövzu planı

  1. 1.
    Kibertəhlükəsizliyin əsas anlayışlarıMühazirə

    Mövzu çərçivəsində kibertəhlükəsizliyin fundamental anlayışları, məqsədləri və müasir rəqəmsal mühitdə rolu öyrənilir. Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi anlayışları, onların fərqli və qarşılıqlı əlaqəli xüsusiyyətləri nəzərdən keçirilir. Aktiv, təhdid, zəiflik, risk, hücum və təhlükəsizlik insidenti kimi əsas anlayışlar izah edilir. Məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının təmin edilməsinə əsaslanan CIA triadası, eləcə də autentifikasiya, avtorizasiya və hesabatlılıq kimi əsas təhlükəsizlik prinsipləri araşdırılır. Həmçinin kibertəhlükəsizliyin təmin edilməsində insan, proses və texnologiya amillərinin qarşılıqlı rolu nəzərdən keçirilir.

  2. 2.
    GNU/Linux əməliyyat sistemi. Kali LinuxMühazirə

    Mövzu çərçivəsində GNU/Linux əməliyyat sisteminin əsas anlayışları, arxitekturası və işləmə prinsipləri öyrənilir. Linux nüvəsi, fayl sistemi, istifadəçi və qrup anlayışları, giriş hüquqları, proseslər və komanda xətti interfeysinin əsas xüsusiyyətləri nəzərdən keçirilir. Əsas Linux komandaları, fayl və qovluqların idarə edilməsi, sistem məlumatlarının əldə olunması və şəbəkə parametrlərinin yoxlanılması üsulları izah edilir. Həmçinin kibertəhlükəsizlik və təhlükəsizlik sınaqları üçün hazırlanmış Kali Linux distributivinin əsas xüsusiyyətləri, istifadə sahələri və tərkibindəki təhlükəsizlik alətlərinin ümumi kateqoriyaları araşdırılır.

  3. 3.
    Sızma testi metodologiyasıMühazirə

    Mövzu çərçivəsində sızma testinin mahiyyəti, məqsədi və informasiya sistemlərinin təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsində rolu öyrənilir. Sızma testinin planlaşdırılması, əhatə dairəsinin və sınaq qaydalarının müəyyən edilməsi, məlumatların toplanması, skan və zəifliklərin təhlili, nəzarətli istismar, əldə edilmiş nəticələrin qiymətləndirilməsi və hesabatlaşdırma mərhələləri nəzərdən keçirilir. Black-box, white-box və grey-box sınaq yanaşmalarının xüsusiyyətləri və tətbiq fərqləri izah edilir. Həmçinin sızma testinin həyata keçirilməsində istifadə olunan əsas metodoloji yanaşmalar, hüquqi və etik tələblər, test nəticələrinin sənədləşdirilməsi və zəifliklərin aradan qaldırılması üzrə tövsiyələrin hazırlanması prinsipləri araşdırılır.

  4. 4.
    Kəşfiyyat və məlumat toplanmasıMühazirə

    Mövzu çərçivəsində kibertəhlükəsizlik və sızma testi prosesində kəşfiyyat və məlumat toplanması mərhələsinin mahiyyəti və məqsədi öyrənilir. Hədəf sistem, şəbəkə və təşkilat haqqında məlumatların əldə edilməsi üçün istifadə olunan passiv və aktiv məlumat toplama yanaşmaları nəzərdən keçirilir. Açıq mənbələrdən kəşfiyyat (OSINT), domen və IP ünvanları, DNS qeydləri, şəbəkə infrastrukturu və açıq xidmətlər haqqında məlumatların toplanması üsulları izah edilir. Həmçinin əldə edilmiş məlumatların sistemləşdirilməsi, təhlili və sonrakı təhlükəsizlik qiymətləndirməsi mərhələlərində istifadəsi, eləcə də məlumat toplama prosesində hüquqi və etik tələblərə riayət olunması məsələləri araşdırılır.

  5. 5.
    Boşluqların idarə edilməsiMühazirə

    Mövzu çərçivəsində informasiya sistemlərində təhlükəsizlik boşluqlarının müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması prosesi öyrənilir. Təhlükəsizlik boşluqlarının yaranma səbəbləri, əsas növləri və sistemlər üçün yaratdığı risklər nəzərdən keçirilir. Boşluqların aşkarlanması, təsdiqlənməsi, risk səviyyəsinə görə qiymətləndirilməsi və prioritetləşdirilməsi prinsipləri izah edilir. CVE və CVSS kimi zəifliklərin identifikasiyası və qiymətləndirilməsi mexanizmləri, avtomatlaşdırılmış skan nəticələrinin təhlili və yanlış müsbət nəticələrin müəyyən edilməsi məsələləri araşdırılır. Həmçinin boşluqların aradan qaldırılması, yeniləmələrin və təhlükəsizlik düzəlişlərinin tətbiqi, kompensasiyaedici nəzarət tədbirlərinin seçilməsi və görülmüş tədbirlərin təkrar yoxlama vasitəsilə təsdiqlənməsi prinsipləri nəzərdən keçirilir.

  6. 6.
    Sistemin hakinqi metodologiyasıMühazirə

    Mövzu çərçivəsində sistem təhlükəsizliyinin qiymətləndirilməsi prosesində istifadə olunan sistem hakinqi metodologiyasının əsas mərhələləri və prinsipləri öyrənilir. Hədəf sistem haqqında əldə edilmiş məlumatların və müəyyən edilmiş zəifliklərin təhlili, nəzarətli şəkildə sistemə giriş əldə edilməsi və mövcud giriş səviyyəsinin qiymətləndirilməsi məsələləri nəzərdən keçirilir. İstifadəçi hesabları və etimadnamələrlə bağlı risklər, autentifikasiya mexanizmlərinin zəiflikləri, giriş əldə etmə və imtiyazların artırılması anlayışları izah edilir. Həmçinin sistemdə əldə edilmiş girişin təhlükəsizlik baxımından təsirinin müəyyən edilməsi, fəaliyyətlərin sənədləşdirilməsi və sınaq başa çatdıqdan sonra sistemin ilkin vəziyyətinə qaytarılması prinsipləri araşdırılır.

  7. 7.
    Sosial mühəndislik və insan faktoruMühazirə

    Mövzu çərçivəsində sosial mühəndislik anlayışı və insan faktorunun kibertəhlükəsizlikdə rolu öyrənilir. Hücumçılar tərəfindən insanların etibarından, davranış xüsusiyyətlərindən və psixoloji meyillərindən istifadə etməklə məlumatların əldə edilməsi və təhlükəsizlik mexanizmlərinin keçilməsi yanaşmaları nəzərdən keçirilir. Phishing, spear phishing, pretexting, baiting və digər geniş yayılmış sosial mühəndislik üsullarının əsas xüsusiyyətləri izah edilir. Həmçinin sosial mühəndislik hücumlarının əlamətlərinin müəyyən edilməsi, istifadəçi məlumatlılığının artırılması, təhlükəsizlik siyasətlərinin tətbiqi və insan faktorundan qaynaqlanan risklərin azaldılması üçün əsas müdafiə tədbirləri araşdırılır.

  8. 8.
    İmtiyazların artırılması və girişin təmin olunmasıMühazirə

    Mövzu çərçivəsində informasiya sistemlərində əldə edilmiş giriş səviyyəsinin qiymətləndirilməsi, imtiyazların artırılması və girişə nəzarət mexanizmləri öyrənilir. Üfüqi və şaquli imtiyaz artırılması anlayışları, istifadəçi və administrator səlahiyyətləri arasındakı fərqlər, eləcə də yanlış konfiqurasiyalar və təhlükəsizlik zəifliklərindən qaynaqlanan imtiyaz artırılması riskləri nəzərdən keçirilir. İstifadəçi hesabları, giriş hüquqları, autentifikasiya və avtorizasiya mexanizmlərinin sistem təhlükəsizliyində rolu izah edilir. Həmçinin ən az imtiyaz prinsipi, giriş hüquqlarının məhdudlaşdırılması, imtiyazlı hesabların qorunması və icazəsiz girişin qarşısının alınması üçün əsas təhlükəsizlik tədbirləri araşdırılır.

  9. 9.
    DDoS hücumları və müdafiə üsullarıMühazirə

    Mövzu çərçivəsində paylanmış xidmətdən imtina (Distributed Denial of Service – DDoS) hücumlarının mahiyyəti, əsas xüsusiyyətləri və informasiya sistemlərinin əlçatanlığına təsiri öyrənilir. DoS və DDoS hücumları arasındakı fərqlər, botnet infrastrukturlarının hücumların həyata keçirilməsində rolu və həcm əsaslı, protokol səviyyəli və tətbiq səviyyəli DDoS hücumlarının əsas xüsusiyyətləri nəzərdən keçirilir. Hücum trafikinin və normal istifadəçi trafikinin fərqləndirilməsi, DDoS hücumlarının əsas göstəricilərinin müəyyən edilməsi və təsirlərinin qiymətləndirilməsi prinsipləri izah edilir. Həmçinin trafik filtrləmə, sürət məhdudlaşdırılması, firewall və IDS/IPS sistemləri, yükün balanslaşdırılması və paylanmış müdafiə mexanizmləri kimi əsas DDoS müdafiə üsulları araşdırılır.

  10. 10.
    Veb tətbiqlərə yönəlmiş hücumlar. OWASP Top 10Mühazirə

    Mövzu çərçivəsində veb tətbiqlərin əsas təhlükəsizlik riskləri və onlara yönəlmiş geniş yayılmış hücum növləri öyrənilir. Veb tətbiqlərin arxitekturası, hücum səthi və istifadəçi, server, verilənlər bazası və digər komponentlər arasında məlumat mübadiləsi ilə əlaqəli təhlükəsizlik riskləri nəzərdən keçirilir. OWASP Top 10 çərçivəsində təsnif edilən əsas veb tətbiq təhlükəsizliyi riskləri, o cümlədən girişə nəzarət, autentifikasiya, məlumatların qorunması, inyeksiya, təhlükəsiz olmayan dizayn və yanlış təhlükəsizlik konfiqurasiyaları ilə bağlı problemlər izah edilir. Həmçinin veb tətbiq zəifliklərinin müəyyən edilməsi, onların mümkün təsirlərinin qiymətləndirilməsi və təhlükəsiz proqramlaşdırma, girişlərin yoxlanılması, düzgün konfiqurasiya və digər müdafiə tədbirləri vasitəsilə risklərin azaldılması prinsipləri araşdırılır.

  11. 11.
    Naqilsiz şəbəkələrin təhlükəsizliyiMühazirə

    Mövzu çərçivəsində naqilsiz şəbəkələrin əsas təhlükəsizlik xüsusiyyətləri, onlara yönəlmiş təhdidlər və müdafiə mexanizmləri öyrənilir. Naqilsiz rabitə mühitinin xüsusiyyətlərindən irəli gələn təhlükəsizlik riskləri, icazəsiz giriş, trafikin ələ keçirilməsi, saxta giriş nöqtələri və rabitənin pozulması kimi əsas təhdidlər nəzərdən keçirilir. WEP, WPA, WPA2 və WPA3 təhlükəsizlik mexanizmlərinin əsas xüsusiyyətləri və aralarındakı fərqlər izah edilir. Həmçinin naqilsiz şəbəkələrdə autentifikasiya, girişə nəzarət və şifrələmə mexanizmləri, təhlükəsiz konfiqurasiya prinsipləri və əsas müdafiə tədbirləri araşdırılır.

  12. 12.
    Kibertəhlükəsizlikdə etik və hüquqi məsələlərMühazirə

    Mövzu çərçivəsində kibertəhlükəsizlik fəaliyyətlərinin həyata keçirilməsi zamanı nəzərə alınmalı əsas etik prinsiplər və hüquqi tələblər öyrənilir. İnformasiya sistemlərinə icazəli və icazəsiz giriş arasındakı fərqlər, peşə məsuliyyəti, məxfilik və fərdi məlumatların qorunması prinsipləri nəzərdən keçirilir. Təhlükəsizlik sınaqlarının yalnız əvvəlcədən müəyyən edilmiş səlahiyyət və əhatə dairəsi çərçivəsində aparılması, əldə edilmiş məlumatların qorunması və məsuliyyətli şəkildə istifadə edilməsi məsələləri izah edilir. Kibercinayətlər, məlumatların icazəsiz əldə edilməsi və dəyişdirilməsi, sistemlərin fəaliyyətinə müdaxilə və digər qanunazidd fəaliyyətlərlə bağlı əsas hüquqi yanaşmalar araşdırılır. Həmçinin kibertəhlükəsizlik mütəxəssislərinin peşə etikası, zəifliklərin məsuliyyətli açıqlanması və fəaliyyətlərin milli və beynəlxalq hüquqi çərçivələrə uyğun həyata keçirilməsi prinsipləri nəzərdən keçirilir.

  13. 13.
    Kibertəhlükəsizlikdə generativ süni intellekt: imkanlar və risklərMühazirə

    Mövzu çərçivəsində generativ süni intellekt texnologiyalarının kibertəhlükəsizlik sahəsində yaratdığı imkanlar və təhlükəsizlik riskləri öyrənilir. Generativ süni intellektin əsas iş prinsipləri və böyük dil modellərinin kibertəhlükəsizlikdə istifadə istiqamətləri nəzərdən keçirilir. Təhlükəsizlik məlumatlarının təhlili, təhdidlərin aşkarlanması, insidentlərə cavab, zəifliklərin təhlili və təhlükəsizlik proseslərinin avtomatlaşdırılmasında generativ süni intellektin imkanları izah edilir. Eyni zamanda, bu texnologiyaların sosial mühəndislik, saxta məzmunun yaradılması və digər zərərli məqsədlər üçün istifadəsi ilə bağlı risklər araşdırılır. Həmçinin prompt injection, məlumat sızması, etibarsız nəticələr, modeldən sui-istifadə və məxfilik riskləri, eləcə də generativ süni intellekt sistemlərindən təhlükəsiz və məsuliyyətli istifadə prinsipləri nəzərdən keçirilir.

Ədəbiyyat

  1. Parasram S. V., Samm A., Boodoo D., Johansen G., Allen L., Heriyanto T., Ali S.Kali Linux 2018: Assuring Security by Penetration Testing, 4th Edition. Packt Publishing, 2018, 518 p.
  2. Chapple M., Seidl D. CompTIA Security+ Study Guide: Exam SY0-601. Sybex, 2021, 672 p.
  3. Whitman M. E., Mattord H. J. Principles of Information Security, 7th Edition. Cengage Learning, 2022, 562 p.
  4. Əbdiyeva-Əliyeva G. Kibertəhlükəsizliyin əsasları. Bakı, 2022, 208 s.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6