Bakalavr proqramı

Aerokosmik mühəndislik

Bakalavr050601Xüsusi Texnika və TexnologiyaMüdafiə Sistemləri və Texnoloji İnteqrasiya26 fənn

Proqram haqqında

Aerokosmik mühəndislik aviasiya və kosmik texnologiyaları birləşdirən müasir mühəndislik sahəsidir. Bu ixtisasın əsas məqsədi təyyarələr, pilotsuz uçuş aparatları, raketlər, peyklər və digər aerokosmik sistemlərin layihələndirilməsi, istehsalı, sınağı və istismarını həyata keçirə bilən yüksəkixtisaslı mühəndislər hazırlamaqdır. İxtisas mexanika, aerodinamika, elektronika, materialşünaslıq, avtomatika və informasiya texnologiyalarının inteqrasiyasına əsaslandığından məzunlar mürəkkəb aerokosmik sistemlərin işləmə prinsiplərini və onların qarşılıqlı əlaqəsini mənimsəyirlər. Bu sahənin mühəndisləri uçuş aparatlarının təhlükəsizliyi, etibarlılığı, enerji səmərəliliyi və istismar xüsusiyyətlərini qiymətləndirməyi, həmçinin müasir mühəndislik proqram təminatından istifadə etməklə innovativ texniki həllər hazırlamağı bacarmalıdırlar. Aerokosmik texnologiyaların, pilotsuz uçuş sistemlərinin, peyk xidmətlərinin və kosmik tədqiqatların sürətli inkişafı bu ixtisasın strateji əhəmiyyətini və aktuallığını daha da artırır. Bu istiqamətdə əldə olunan bilik və bacarıqlar məzunlara elmi-tədqiqat fəaliyyəti, innovasiya layihələri və beynəlxalq aerokosmik sənayedə peşəkar inkişaf üçün möhkəm zəmin yaradır.

Dərəcə tələbləri

"Aerokosmik mühəndislik" bakalavriat proqramı 4 il (8 semestr) müddətində tədris olunur və məzun olmaq üçün tələbələrin 240 AKTS krediti toplamaları tələb edilir. Tədris proqramı Avropa Kredit Transfer və Toplanma Sisteminə (AKTS) uyğun hazırlanmışdır və nəzəri biliklərlə praktik mühəndislik bacarıqlarının inteqrasiyasına əsaslanır. Proqramın məzmunu 30 AKTS ümumi təhsil fənləri, 30 AKTS fundamental (baza) mühəndislik fənləri, 120 AKTS ixtisasın peşə hazırlığı fənləri və 60 AKTS peşə hazırlığı üzrə seçmə fənlərdən ibarətdir. Bu struktur tələbələrə möhkəm fundamental mühəndislik hazırlığı ilə yanaşı, aerokosmik sistemlərin layihələndirilməsi, istehsalı və istismarı üzrə peşəkar bilik və bacarıqlar qazandırır. Tədris proqramına ali riyaziyyat, fizika, mühəndis qrafikası, materialşünaslıq, tətbiqi mexanika, aerokosmik mühəndisliyə giriş, idarəetmənin əsasları, uçuş dinamikası, rəhbər sənədlər radiolokasiya və radionaviqasiya texnikası üzrə fənlər daxildir. Tədris prosesi mühazirələr, laboratoriya məşğələləri, kompüter simulyasiyaları, istehsalat təcrübəsi və digər tətbiqi fəaliyyətlərlə dəstəklənir. Proqramın sonunda məzunlar uçuş aparatlarının və kosmik sistemlərin layihələndirilməsi, istehsalı, sınağı, istismarı və texniki təkmilləşdirilməsi üzrə peşə səriştələrinə yiyələnərək aerokosmik sənaye, aviasiya, müdafiə sənayesi, elmi-tədqiqat və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərmək üçün zəruri hazırlığa malik olurlar.

Proqramı araşdırın