Ümumi məlumat
- Fənn kodu
- İF-2210y
- Kredit
- 5
- Tələbənin iş yükü
- 90
- Semestr
- Payız semestri
- Akademik il
- 3
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 40 saat – sərbəst iş b) 50 saat- layihə işi və ya məsləhət saatı
Fənn haqqında
Fənn tələbələrdə bulud texnologiyalarının əsasları və bulud mühitlərində informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində bulud xidmətlərinin xüsusiyyətləri, ənənəvi İT xidmətlərindən fərqləri, təhlükəsizlik modelləri və bulud mühitlərinə xas risk və zəifliklər öyrənilir. Tələbələr məlumatların şifrələnməsi, autentifikasiya, giriş və icazələrin idarə edilməsi, təhlükəsizlik monitorinqi, insidentlərin aşkarlanması və cavablandırılması kimi əsas təhlükəsizlik mexanizmləri ilə tanış olurlar. Bulud mühitlərində risklərin qiymətləndirilməsi və idarə edilməsi, ehtiyat nüsxələrin yaradılması və bərpa strategiyaları, eləcə də təhlükəsizlik tələblərinin müəyyən edilməsi və tətbiqi məsələləri nəzərdən keçirilir. Həmçinin ISO/IEC 27001, GDPR və digər beynəlxalq standart və tələblərə uyğunluq prinsipləri araşdırılır. Fənn tələbələrdə bulud təhlükəsizliyi arxitekturasının qurulması, təhlükəsizlik strategiyasının formalaşdırılması və bulud mühitlərinin təhlükəsiz idarə edilməsi bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
- case study
- komanda işi
- layihə əsaslı öyrənmə
- problem-based learning
Fənn təlim nəticələri (CLO)
CLO 1: Bulud xidmətinin prinsipləri, təqdim edilən əsas xidmət barədə ümumi məlumat təqdim edir və onun ənənəvi xidmətlərdən fərqini, üstün və mənfi cəhətlərini anlayır.
CLO 2: Buluddan istifadə edərək sadə həllər yaratmaq və ona müvafiq təhlükəsizlik tədbirlərini yerinə yetirmək üçün nəzəri və praktik həllər verməyi bacarır.
CLO 3: Serversiz hesablamalar, onların xüsusiyyətləri və fərqli cəhətləri, bu xidmətlərdə təhlükəsizlik məsələlərinə aid məsuliyyət öhdəliklərini izah etməyi bacarır.
CLO 4: Buludda olan risk və boşluqların çərçivəsini ölçmə üsul və meyarlarını bilir.
CLO 5: Buludda şəbəkə təhlükəsizliyi vasitələrindən istifadə etməyi bacarır.
CLO 6: Buludda məlumat sızmasının simptomlarını bilmək, onu izləmək, səbəblərini tapmaq və qarşısını almaq bacarır.
Mövzu planı
- 1.Giriş. Bulud arxitekturasıMühazirə
Mövzu çərçivəsində bulud texnologiyalarının əsas anlayışları və bulud arxitekturasının ümumi quruluşu öyrənilir. Bulud xidmət modelləri və onların istifadə xüsusiyyətləri, eləcə də müxtəlif bulud yaddaş modellərinin iş prinsipləri nəzərdən keçirilir. Bulud mühitlərinin resursların paylaşılması, miqyaslana bilmə, çeviklik və tələb əsasında xidmət göstərilməsi kimi əsas xüsusiyyətləri izah edilir. Həmçinin bulud arxitekturasının əsas komponentləri və onların qarşılıqlı əlaqəsi araşdırılır.
- 2.Bulud təhlükəsizliyinin əhatə dairəsiMühazirə
Mövzu çərçivəsində bulud təhlükəsizliyinin əhatə dairəsi və bulud mühitinin müxtəlif struktur səviyyələrində təhlükəsizliyin təmin edilməsi məsələləri öyrənilir. İnfrastruktur, metastruktur, infostruktur və tətbiq strukturu səviyyələrinin xüsusiyyətləri, qarşılıqlı əlaqələri və hər bir səviyyəyə xas təhlükəsizlik tələbləri nəzərdən keçirilir. Bulud mühitində məlumatların, xidmətlərin, idarəetmə mexanizmlərinin və texnoloji resursların qorunması prinsipləri izah edilir. Həmçinin bulud təhlükəsizliyinin proses modeli və təhlükəsizlik fəaliyyətlərinin sistemli şəkildə təşkili araşdırılır.
- 3.Buludda təhlükəsizlik məsələləriMühazirə
Mövzu çərçivəsində bulud mühitlərində yaranan əsas təhlükəsizlik məsələləri və onların idarə edilməsi prinsipləri öyrənilir. Bulud təhlükəsizliyi modelinin əsas elementləri və bu elementlərin məlumatların, xidmətlərin və resursların qorunmasındakı rolu nəzərdən keçirilir. Bulud mühitinə xas təhlükəsizlik təhdidləri və riskləri, eləcə də onların qarşısının alınmasına yönəlmiş əsas nəzarət mexanizmləri izah edilir. Həmçinin bulud təhlükəsizliyi siyasətinin məqsədi, əsas komponentləri və təhlükəsizlik tələblərinin sistemli şəkildə tətbiqində rolu araşdırılır.
- 4.Buludda risklərin idarə edilməsiMühazirə
Mövzu çərçivəsində bulud mühitlərində informasiya təhlükəsizliyi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması prinsipləri öyrənilir. Bulud resurslarının və xidmətlərinin təhlükəsiz idarə edilməsi üçün istifadə olunan əsas bulud idarəetmə alətləri və onların funksiyaları nəzərdən keçirilir. Risklərin azaldılması məqsədilə təhlükəsizlik nəzarətlərinin seçilməsi və tətbiqi yanaşmaları izah edilir. Həmçinin bulud risklərinin idarə edilməsində təhlükəsizlik, xərc, performans, çeviklik və istifadə rahatlığı arasında yaranan kompromislər araşdırılır.
- 5.Hüquqi məsələlər, müqavilələr və elektron məlumatların aşkarlanmasıMühazirə
Mövzu çərçivəsində bulud mühitlərində məlumatların saxlanılması və emalı ilə bağlı əsas hüquqi məsələlər öyrənilir. Bulud xidmətlərinin istifadəsi zamanı müqavilə münasibətləri, elektron məlumatların aşkarlanması və təqdim edilməsi ilə bağlı hüquqi tələblər nəzərdən keçirilir. Məlumatların qorunması və məxfilik üzrə standartlar, eləcə də GDPR tələblərinin bulud mühitlərində tətbiqi izah edilir. Həmçinin xidmət səviyyəsi müqavilələrinin (SLA) bulud xidmətlərinin təhlükəsizliyi, əlçatanlığı və tərəflərin məsuliyyətlərinin müəyyən edilməsində əhəmiyyəti araşdırılır.
- 6.Uyğunluq, audit və məlumatların idarə olunmasıMühazirə
Mövzu çərçivəsində bulud mühitlərində uyğunluq, audit və məlumatların təhlükəsiz idarə olunması prinsipləri öyrənilir. Bulud xidmətlərinin müvafiq hüquqi, normativ və təhlükəsizlik tələblərinə uyğunluğunun təmin edilməsi məsələləri nəzərdən keçirilir. Audit proseslərinin planlaşdırılması, həyata keçirilməsi və audit nəticələrinin idarə olunması prinsipləri izah edilir. Həmçinin məlumat təhlükəsizliyinin həyat dövrü, məlumatların yaradılmasından saxlanılması, istifadəsi, paylaşılması, arxivləşdirilməsi və təhlükəsiz şəkildə məhv edilməsinədək bütün mərhələlərdə tətbiq olunan təhlükəsizlik tədbirləri araşdırılır.
- 7.İdarəetmə mərhələsi və fəaliyyətin fasiləsizliyiMühazirə
Mövzu çərçivəsində bulud mühitlərində təhlükəsizliyin idarə edilməsi və fəaliyyətin fasiləsizliyinin təmin olunması prinsipləri öyrənilir. Bulud xidmətlərinin idarəetmə mərhələsində təhlükəsizlik tələblərinin müəyyən edilməsi, nəzarət mexanizmlərinin tətbiqi və xidmətlərin davamlı monitorinqi məsələləri nəzərdən keçirilir. Fəaliyyətin fasiləsizliyinə təsir göstərə biləcək risklər, xidmət kəsintiləri və fövqəladə hallara hazırlıq yanaşmaları izah edilir. Həmçinin fəaliyyətin fasiləsizliyi və fəlakətdən sonra bərpa planlarının hazırlanması, ehtiyat nüsxələrin yaradılması və bulud xidmətlərinin dayanıqlığının təmin edilməsi məsələləri araşdırılır.
- 8.İnfrastruktur təhlükəsizliyiMühazirə
Mövzu çərçivəsində bulud infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi prinsipləri və ənənəvi İT infrastrukturlarından fərqli xüsusiyyətləri öyrənilir. Bulud şəbəkələrinin virtuallaşdırılması, virtual şəbəkə komponentləri və resurslar arasında əlaqələrin təhlükəsiz idarə edilməsi məsələləri nəzərdən keçirilir. Bulud texnologiyalarına keçidlə şəbəkə təhlükəsizliyi yanaşmalarında yaranan dəyişikliklər və yeni təhlükəsizlik tələbləri izah edilir. Həmçinin virtuallaşdırılmış və dinamik bulud mühitlərində zəifliklərin qiymətləndirilməsi prosesində baş verən dəyişikliklər və uyğun qiymətləndirmə yanaşmaları araşdırılır.
- 9.Virtualizasiya və konteynerlərMühazirə
Mövzu çərçivəsində bulud mühitlərində virtualizasiya və konteyner texnologiyalarının əsasları öyrənilir. Virtualizasiya texnikaları, virtual maşınların yaradılması və fiziki resursların müxtəlif virtual mühitlər arasında bölüşdürülməsi prinsipləri nəzərdən keçirilir. Virtual maşınlar və konteynerlərin arxitektura, resurs istifadəsi və izolyasiya xüsusiyyətləri baxımından əsas fərqləri izah edilir. Həmçinin virtualizasiya və konteyner texnologiyalarının bulud infrastrukturlarında tətbiqi və onların təhlükəsizliyinin təmin edilməsində nəzərə alınmalı əsas məsələlər araşdırılır.
- 10.Kubernetes təhlükəsizliyiMühazirə
Mövzu çərçivəsində Kubernetes mühitlərinin arxitekturası və konteynerləşdirilmiş tətbiqlərin təhlükəsizliyinin təmin edilməsi prinsipləri öyrənilir. Kubernetes klasterinin əsas komponentləri, idarəetmə səviyyəsi, işçi qovşaqlar, podlar və onların qarşılıqlı əlaqəsi nəzərdən keçirilir. Klasterə girişə nəzarət, autentifikasiya və avtorizasiya, rol əsaslı girişə nəzarət (RBAC), şəbəkə siyasətləri və məxfi məlumatların qorunması kimi əsas təhlükəsizlik mexanizmləri izah edilir. Həmçinin konteyner obrazlarının təhlükəsizliyi, yanlış konfiqurasiyalar, zəifliklərin idarə edilməsi və Kubernetes mühitlərinin davamlı monitorinqi məsələləri araşdırılır.
- 11.Hadisələrə cavabMühazirə
Mövzu çərçivəsində bulud mühitlərində təhlükəsizlik hadisələrinə və insidentlərə cavabvermə prosesinin əsas mərhələləri öyrənilir. Təhlükəsizlik hadisələrinin aşkarlanması, ilkin qiymətləndirilməsi və analiz edilməsi üçün istifadə olunan yanaşmalar nəzərdən keçirilir. İnsidentin təsirinin müəyyən edilməsi, məhdudlaşdırılması, səbəblərinin aradan qaldırılması və sistemlərin bərpası prinsipləri izah edilir. Həmçinin insidentdən sonra aparılan post-mortem analizi, əsas səbəblərin müəyyən edilməsi və gələcəkdə oxşar hadisələrin qarşısının alınması üçün nəticələrin qiymətləndirilməsi məsələləri araşdırılır.
- 12.Tətbiq təhlükəsizliyiMühazirə
Mövzu çərçivəsində bulud mühitində tətbiqlərin təhlükəsiz hazırlanması və idarə edilməsi prinsipləri öyrənilir. Təhlükəsiz proqram təminatının hazırlanması həyat dövrünün (SSDLC) bulud mühitinə tətbiqi və təhlükəsizlik tələblərinin proqram təminatının planlaşdırılması, hazırlanması, test edilməsi, yerləşdirilməsi və istismarı mərhələlərinə inteqrasiyası nəzərdən keçirilir. Infrastructure as Code (IaC) yanaşmasının bulud infrastrukturunun avtomatlaşdırılmış şəkildə yaradılması və idarə edilməsində rolu izah edilir. Həmçinin IaC konfiqurasiyalarında yarana biləcək təhlükəsizlik riskləri və təhlükəsizliyin tətbiq və infrastrukturun həyat dövrü boyunca təmin edilməsi məsələləri araşdırılır.
- 13.Buludda məlumatların təhlükəsizliyiMühazirə
Mövzu çərçivəsində bulud mühitlərində məlumatların təhlükəsizliyinin təmin edilməsi prinsipləri öyrənilir. Məlumatların buluda köçürülməsi prosesinin planlaşdırılması və təhlükəsiz idarə edilməsi, köçürülmə zamanı məlumatların bütövlüyünün və məxfiliyinin qorunması məsələləri nəzərdən keçirilir. Buludda saxlanılan (Data at Rest) məlumatların icazəsiz girişdən və məlumat sızmalarından qorunması üçün tətbiq olunan əsas təhlükəsizlik mexanizmləri izah edilir. Həmçinin məlumatların şifrələnməsi, girişə nəzarət və təhlükəsiz saxlanma prinsipləri araşdırılır.
- 14.Bulud üçün istifadəçilərin və şəxsiyyətlərin idarə edilməsiMühazirə
Mövzu çərçivəsində bulud mühitlərində istifadəçi və şəxsiyyətlərin idarə edilməsi (Identity and Access Management – IAM) prinsipləri öyrənilir. İstifadəçilərin identifikasiyası, autentifikasiyası və avtorizasiyası, eləcə də imtiyazlı istifadəçi hesablarının təhlükəsiz idarə edilməsi yanaşmaları nəzərdən keçirilir. Giriş hüquqlarının təyin edilməsi, minimum imtiyaz prinsipi və rol əsaslı girişə nəzarət (RBAC) mexanizmlərinin bulud mühitində tətbiqi izah edilir. Həmçinin istifadəçi hesablarının idarə olunması, giriş hüquqlarının monitorinqi və icazələrin təhlükəsiz şəkildə idarə edilməsi məsələləri araşdırılır.
Ədəbiyyat
- For Ciritical areas of Focus in Cloud Computing 2017 Cloud Security Alliance – All Rights Reserved.
- CLOUD COMPUTING Principles and Paradigms Edited by Rajkumar Buyya The University of Melbourne and Manjrasoft Pty Ltd., Australia James Broberg The University of Melbourne, Australia Andrzej Goscinski Deakin University, Australia
- Cloud Cybersecurity Controls )CCC – 1: 2020
- Chris Dotson. Practical Cloud Security Handbook. Packt Publishing. 2024. 230 səh
- 2.Wiley.Cloud security & compliance for dummies (2nd special ed.). 2022. 76 səh.
- Cloud Security Alliance. Security Guidance v5. 2024 299 səh
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |